Rusiya MN-nin tədarükçüləri 2,5 milyard rubl mənimsəməkdə ittiham olunurlar

"Kommersant" nəşri yazır ki, Rusiya İstintaq Komitəsi Müdafiə Nazirliyindən təxminən 2 milyard yarım rublun mənimsənilməsi və zəruri müdafiə elementi olmayan zirehli jiletlərin tədarükü ilə çirkli pulların yuyulması faktı üzrə cinayət işi qaldırıb.

Təhqiqatın nəticələrinə görə, 2022-ci ilin noyabrında Rusiya müdafiə nazirinin müavini Aleksey Krivoruçko 30 min gülləkeçirməz jiletin tədarükü üçün "Piket" şirkəti ilə müqavilə imzalayıb. Belə böyük bir rəqəm üçün tədarükçü tapa bilməyən şirkət rəhbərliyi parça üzlüklər və zireh panelləri alaraq özü istehsal etmək qərarına gəlib.

İstintaq materiallarına görə, zirehli jiletlərin hazırlayan şirkət qəlpələrdən qorunma üçün vacib olan Kevlar modulundan istifadə etməyib. Bunun əvəzinə, "Piket" şirkətinin rəhbərləri guya digər bir şirkət tərəfindən bu məhsulların və komplekt hissələrinin hazırlandığını təsdiqləyən saxta sənədlər alıblar. Bu sənədlərin dəyəri bir milyard rubldan çoxdur.

Cinayət işinə əlavə edilmiş ifadələrdə bildirilib ki, "Piket" şirkətinin əməkdaşları ən ucuz materiallardan istifadə etməklə azı 200% mənfəət əldə ediblər. Onlar cəbhəyə heç bir qoruma təmin etməyən zirehli jiletlər göndəriblər.

İddialara görə, hərbçilər aldadılaraq tədarükə dair aktları imzalayıblar. Lakin aparılan sınaqlar zamanı məhsullarla bağlı ciddi iradlar irəli sürülüb. Nəticədə zirehli jiletlərin böyük bir hissəsi orduya təhvil verilməyib.

Cinayət işində "Piket" şirkətinin baş direktoru və təsisçisi Andrey Yesipov, onun maliyyə məsələləri üzrə müavini Viktoriya Antonova və təhlükəsizlik məsələləri üzrə müavini Mixail Kalçenkonun adları keçir. Onların hamısı özlərini təqsirli biliblər və işləri xüsusi rejimdə (sürətləndirilmiş qaydada) məhkəmədə baxılacaq.

Prosesdə iştirak edən digər şəxslərlə bağlı istintaqın davam etdiyi qeyd olunub. Bu şəxslər müqavilə şərtlərinə cavab verməyən məhsulların təhvil alınmasına görə hərbçilərə rüşvət verməkdə şübhəli bilinirlər.

Rusiya 2022-ci ilin fevralından Ukraynaya qarşı genişmiqyaslı hərbi təcavüzə başlayıb.