Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 17:18

İstehlak kreditləri artır, kredit təşkilatları da azalır


Banklar yenə borca düşdüklərini deyirlər
Gözlə

No media source currently available

0:00 0:04:27 0:00

Banklar yenə borca düşdüklərini deyirlər

Azərbaycanda bankların verdiyi kreditlərdə istehlak kreditinin həcimi artıb.

İstehlak kreditləri (ehtiyac krediti) şəxsi məqsədlər üçün alınan nağd kredit növüdür. İnsanlara məişət texnikası, ev təmiri, tibbi xərclər, səyahət və ya təhsil kimi xərclər üçün əlavə maliyyə dəstəyi verir. İstehsal krediti isə sırf istehsal fəaliyyəti ilə məşğul olan biznes sahibləri üçün nəzərdə tutulan kredit məhsuludur.

Azərbaycan banklarının 2025-ci ilin ikinci rübünün sonuna əhaliyə verdiyi istehlak kreditləri həcmi ilin əvvəli ilə müqayisədə 5.4 faiz artım göstərərək 8.898 mlrd. manata yüksəlib.

Mərkəzi Bank isə istehlak kredit kartları ilə bağlı yeni məhdudiyyətlər tətbiq edib. Onun apardığı təhlilərə görə, son dövrlərdə istehlak krediti seqmentində kredit kartlarının yüksək artım dinamikası müşahidə edilib. Vurğulandığına görə, bu tendensiya əhalinin sərəncamında qalan gəlirlərində müsbət artım fonunda olsa da, borc yükünün sərəncamda qalan gəlirdə payının artımı ilə də müşayiət olunub.

Qurum bu gün, avqustun 1-də bildirib ki, istehlak kredit kartları (kredit xətləri) üzrə borclanmanın daha məsuliyyətli və sağlam aparılması üçün tənzimləyici çərçivəni gücləndirib. “Dəyişikliklərə əsasən, borcalanın kredit kartı onun xalis vergidən sonrakı gəlirinin maksimum 5 misli ilə məhdudlaşdırılır. Sözügedən limit borcalanın digər kredit təşkilatlarına qarşı öhdəliklərini də nəzərə almaqla hesablanır”, - MB qeyd edir.

Qurumun açıqlamasına görə, bu, əhalinin istehlak kredit kartları üzrə borclanma imkanlarını borcalanların real ödəmə qabiliyyətini əks etdirən maliyyə göstəricilərini nəzərə almağa və bankların riskləri daha erkən mərhələdə tanıyaraq minimallaşdırmağa imkan verəcək: “Nağd vəsaitlərlə, habelə bank və qiymətli metallarla təmin edilmiş kredit xətləri borcalanın xalis vergidən sonrakı gəlirinin 5 misli normativinin hesablanmasından istisna edilir. Yeni tələbə əsasən bu limitdən artıq olan istehlak kredit xətlərinin məcmu miqdarı bankın tutulmalardan sonra I dərəcəli kapitalının 1%-dən artıq olmamalıdır”.

Problemli kreditlər artır

Yeri gəlmişkən, ölkədə problemli kreditlər də artır. 2025-ci ilin iyunun sonunda ölkədə vaxtı keçmiş kreditlərin həcmi 527,4 milyon manat civarında olub. Mərkəzi Bankın açıqlamasına görə, həmin rəqəm 2024-cü ilin eyni dövrü ilə müqayisədə 75,7 milyon manat (16,8 faiz), bu ilin may ayının sonu ilə müqayisədə isə 19,1 milyon manat (3,8 faiz) çoxdur.

Azərbaycanda problemli kreditlərin məbləği artır
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

Bu gün avqustun 1-dən habelə banklar və bank olmayan kredit təşkilatları (BOKT) üçün yeni maliyyə alətinə çıxış imkanı verən 3 illik proqramın tətbiqi nəzərdə tutulur. Bu proqram çərçivəsində bank və BOKT-lərin qeyri-rezident maliyyə təşkilatlarından cəlb etdikləri vəsaitlər manata mübadilə olunduqdan sonra AMB tərəfindən təqdim olunan maliyyə aləti ilə hedc (zəmanət) olunmalıdır.

Ötən ay isə MB-nin İdarə Heyətinin qərarları ilə bank olmayan kredit təşkilatlarının (BOKT) fəaliyyəti üzrə iki yeni normativ sənəd – “Fəaliyyətin prudensial tənzimlənməsi Qaydası” və “Kredit risklərinin idarə edilməsi Qaydası” qüvvəyə minmişdi. Yeni tələblərə əsasən, kommersiya hüquqi şəxs formasında yaradılan BOKT-lər üçün nizamnamə kapitalı və ümumi kapitalın minimum həddi 1 milyon manat, qeyri-kommersiya hüquqi şəxslər üçün isə 100 min manat müəyyən edilib. Bu dəyişikliklərin BOKT-lərin maliyyə dayanıqlığının gücləndirilməsi məqsədi ilə atıldığı açıqlanıb.

Amma bəzi ekspertlər də deyirlər ki, bununla BOKT sayı bir az da azalacaq. Onlar ölkədə BOKT-lər üçün mövcud şəraiti o qədər də əlverişli saymırlar.

BOKT-in sayı kəskin azalıb.

Son illər BOKT-in sayı bir neçə dəfə azalıb. Son statistik məlumatlara görə, onların sayı 56-ya düşüb.

Halbuki, 2015-ci ildə baş verən iki devalvasiyaya (manat iki dəfə dəyər itirdi) qədər onların sayı 160-a bərabər idi.

BOKT arasında ikinci “ yarpaq tökümü” isə koronavirus pandemiyası dönəmində baş verib.

Bank Olmayan Kredit Təşkilatı (BOKT) — xüsusi razılıq (lisenziya) əsasında kreditlərin verilməsi üzrə ixtisaslaşmış kredit təşkilatıdır. Buna qədər bu növ kredit təşkilatlarının yardılması üçün minimum 300 min manat nizamnamə kapitalı tələb edilirdi.

Azərbaycanda son 10 ildə bankların da sayı yarıbayarı azalıb. 2014-cü ildə onların sayı 44 idisə, indi bu rəqəm 22-dir.

XS
SM
MD
LG